ƏMAS-da dəyişiklik ediləcək – 30 gündən çox məzuniyyəti olanların kopmensasiyasına dair
- NusratKhalilov
- 20-фев-2025, 07:31
- 0 Şərhlər
- 59 baxış
Mündəricat:
Bir neçə ay öncə müəyyən katerqoriyadan olan (Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində müəyyən edilmiş) işçilərin əmək müqaviləsinə xitam verilərkən onların ümumi əmək məzuniyyətinə görə deyil, əsas məzuniyyətinə görə kompensasiyanın verilməsinin qanunvericiliyin tələblərinə uyğun olmasını və qanunvericiliyə görə də əsas məzuniyyət dedikdə yalnız 21 və 30 təqvim günü məzuniyyətin nəzərə tutulduğuna da məqalə paylaşmışdım. Müəyyən şəxslərin müqaviməti ilə qarşılamışdım. Başa düşüləndir, insasnın illərdir düz bilib səhv etdiklərinin səhv olduğunu deyəndə rahatlıqla qəbul etmək bəzən mümkün olmur. Nəhayət bu məsələ də həllini müvafiq qurumların təsdiqedici sənədləri ilə tapdı.
İllər öncə (2021), alimentlərin qanunvericiliyə görə başqa formada tutulmalı olduğunu (təcrübədə net əmək haqqından tutulurdu səhvən) ortaya qoyanda, əksəriyyət düşünmədən, təhlil etmədən mənim ortaya qoyduğum yanaşmanın səhv olduğunu inadkarcasına bildirirdi. Bir müddət sonra, məsələ həllini tapdı, və onlar da bu yanaşmanın doğru olduğunu qəbul etdilər. İndi keçək, məzuniyyət məsələsinə.
Əmək Məcəlləsinin müddəalarına görə, müəyyən kateqoriyalardan olan işçilərin əmək məzuniyyətlərinin müddəti fərqli formada müəyyən edilir. Məsələn, müəllimlər üçün bu müddət 56 gün, orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilər üçün 42 təqvim günündən az olmayaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilər üçün 46 təqvim günündən az olmayaraq təsbit edilib. Bəs bu kateqoriyalardan olan işçilərin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyalar necə hesablanmalıdır?
Əmək Məcəlləsinin 112-ci maddəsinə əsasən, işçinin əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti hüququnun olması öz əksini tapmışdır.
Aşağıdakı maddələrə nəzər salaq: Üç məsələyə xüsusi diqqət çəkəcəm:
Əsas məzuniyyət, əlavə məzuniyyət və əmək məzuniyyəti.
1. Əsas məzuniyyət. Əmək Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir. Həmin maddənin ikinci və üçüncü hissələrinə nəzər yetirək:
2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
3. Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:
2. Əlavə məzuniyyət. Əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 115, 116, 117 və 118-1-ci maddələrində təsbit edilmişdir. Əlavə məzuniyyətlər, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə, əmək stajına görə, uşaqlı qadınlar üçün və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər üçün müəyyən olunmuşdur.
Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
Əmək Məcəlləsinin 116-ci maddəsinə əsasən, Əmək stajına görə əlavə məzuniyyətlər müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Əmək Məcəlləsinin 118-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
3. Əmək məzuniyyəti: Müəyyən kateqoriya şəxslər var ki, müəyyən əlamətlərinə görə Əmək Məcəlləsində onlar üçün əmək məzuniyyətlərinin müddəti fərqli formada müəyyən edilmişdir. Məsələn, elmi və pedoqoji fəaliyyətlə məşğul olan işçilərdə işin xarakterinə görə, yaşı 18-dən az olan işçilərdə yaşı ilə bağlı tam fəaliyyət qabiliyyətli şəxs olmadığı üçün, əlilliyi olan işçilərə əlillik məsələsinə görə, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə Azərbaycan xalqı qarşısında xüsusi xidmətlərinə görə, teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinə isə səhnə xidmətlərinə görə əmək məzuniyyəti fərqli şəkildə müəyyən olunmuşdur.
Əmək Məcəlləsinin 118-ci maddəsində pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, bütün ixtisas və adlardan olan müəllimlərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir.
Əmək Məcəlləsinin 119-cu maddəsinə əsasən, yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti — 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Eyni zamanda, həmin maddəyə əsasən, orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.
Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti 46 təqvim günündən az olmamalıdır.
Əmək Məcəlləsinin 121-ci maddəsinə əsasən, teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir.
4. Əmək müqaviləsinə xitam verilərkən məzuniyyətə görə kompensasiya
Əsas məzuniyyət, əlavə məzuniyyət və əmək məzuniyyəti anlayışlarına nəzər saldıq. İndi, əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi məsələsinə baxaq.
Əmək Məcəlləsinin 144-cü maddəsində istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi təsbit edilmişdir. Həmin maddənin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Sual doğuran və müzakirələrə səbəb olan əsas məsələ yuxarıda qeyd etdiyimiz müəyyən əlamətlərinə görə əmək məzuniyyəti fərqli müəyyən edilmiş şəxslərin (müəllim, əlilliyi olan şəxs, yaşı 18-dən az olan şəxs v.s) əmək müqaviləsinə xitam verilərkən onlara kompensasiyanın neçə gün üzərindən verilməsidir.
Yəni, müəllim, yaşı 18-dən aşağı olan şəxs, əlilliyi müəyyən edilmiş şəxs və sair bu kimi şəxslərə verilmiş məzuniyyət onların əsas məzuniyyətidirmi?!
Sualı biraz daha aydın qoysaq, Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində müəyyən olunmuş məzuniyyət hüququ onların əsas məzuniyyəti hesab edilirmi?
Yuxarıda qeyd etdiyim kimi, Əmək Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir: “Həmin maddənin 2-ci hissəsində göstərilib ki, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 3-cü hissədə isə hansı işçilərə ödənişli əsas məzuniyyətin 30 təqvim günü müddətində verildiyi göstərilib. Deməli, əsas məzuniyyət yalnız 21 və 30 təqvim günü müddətinə müəyyən edilə bilər. Əmək Məcəlləsinin əlavə məzuniyyətlər hissəsində müvafiq olaraq Məcəllənin 118, 119, 120 və 121-ci maddələrinə diqqətlə nəzər yetirdikdə onlara bu məzuniyyətin əsas məzuniyyət kimi deyil, əmək məzuniyyəti kimi müəyyən olunmasını görə bilərik.
Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməsi nəzərdə tutulduğundan Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində müəyyən olunmuş şəxslərin də əmək müqaviləsinə xitam verilərkən bütün iş illərinin əsas məzuniyyətinə (21 və ya 30 təqvim günü) görə pul əvəzinin verilməsi qanunvericiliyin tələblərinə uyğundur. Çünki Əmək Məcəlləsinin müvafiq maddələri ilə (118, 119, 120 və 121) ilə müəyyən edilmiş məzuniyyət onların əsas məzuniyyəti deyil, əmək məzuniyyəti hesab edilir:
İşəgötürənin Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrinə uyğun olaraq məzuniyyət hüququna sahib olan işçilərin əmək müqaviləsinə xitam verərkən onların əsas deyil, ümumi əmək məzuniyyətinə görə kompensasiya ödəməsi mümkündür. Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Bu baxımdan, əlavə olaraq ümumi məzuniyyətə görə kompensasiyanın ödənilməsində heç bir problem yoxdur. Əsas sual ondan ibarətdir ki, Əmək Məcəlləsinin müvafiq maddəsi ilə, məsələn, 56 gün məzuniyyət hüququ olan müəllimin əmək müqaviləsinə xitam verilərkən 30 gün üçün məzuniyyətə görə kompensasiyanın verilməsi qanunvericiliyin tələblərinə zidd hesab edilirmi?
Qeyd etdiyim kimi, Əmək Məcəlləsinin 114-cü maddəsinə görə, əsas məzuniyyət müvafiq vəzifə kateqoriyasına əsasən 21 və 30 təqvim günü müddətinə olan məzuniyyətdir. Əmək Məcəlləsinin müvafiq maddələrində müəyyən olunmuş məzuniyyət isə onların əsas məzuniyyəti deyil, əmək məzuniyyətinin müddətidir. Bu baxımdan, həmin şəxslərin əmək müqaviləsinə xitam verilərkən işəgötürən həmin maddədə müəyyən olunmuş əmək məzuniyyətinin müddəti qədər (35, 42, 46, 56) kompensasiya verə bilər. Lakin həmin günlərə görə deyil, əsas məzuniyyət günlərinə (21 və 30) görə kompensasiya ödəyərsə, bu, qanunvericiliyin tələblərinə zidd hesab edilməyəcək.
Həmçinin, qeyd edim ki, Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
İşçinin əmək müqaviləsinə xitam verilərkən müvafiq iş ili üçün işçi arzusu ilə ona Məcəllənin 118, 119, 120 və ya 121-ci maddələrində müəyyən olunmuş məzuniyyət hüququndan istifadə edə bilər. Bu halda o, maddədə müəyyən olunmuş əmək məzuniyyətinin hüquq yaranmış hissəsindən tam formada istifadə edə bilər. İşçi bu hüququndan istifadə etmək istəmədikdə isə Məcəllənin 114-cü maddəsi üzrə müəyyən edilmiş əsas məzuniyyətə (21 və 30 təqvim günü) görə pul əvəzinin ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur.
Qanunvericliyin istinad edilən maddələrində qeyd etidiyim məsələ açıq şəkildə öz təsdiqini tapıb. Məsələnin kökündən həllini tapması məqsədilə, əmək münasibətləri sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də mövqeyi bu istiqamətdədir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnaməyə əsasən, (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmişdir) əmək münasibətləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsini təmin etmək nazirliyin fəaliyyət istiqamətləri içərisindədir.
Məsələ ilə bağlı əmək münasibətləri sahəsində dövlət siyasətini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyi aşağıdakı kimidir: Verilən açıqlamaya görə, Əmək Məcəlləsinin 114-cü maddəsinin 1-ci hissəsinə əsasən, əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir: “Məcəllənin 143-cü maddəsinin 1-2-ci hissələrinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir”.
Bu müddəalara əsasən, bildirilib ki, əmək müqaviləsinə xitam verilərkən işçi öz arzusu ilə əmək məzuniyyətindən (42, 46, 56 təqvim günü və s.) istifadə edə bilər və məzuniyyətin son günü işçinin işdənçıxma tarixi hesab edilir. Məzuniyyətdən istifadə edilmədiyi halda isə əmək müqaviləsinə xitam verilərkən hər hansı şərt və ya məhdudiyyət qoyulmadan bütün iş illərinin əsas məzuniyyətinə (çalışdığı peşəsi (vəzifəsi) nəzərə alınmaqla 21 və ya 30 təqvim günü) görə pul əvəzinin ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur.
5. ƏMAS-da dəyişiklik edilməsi nəzərdə tutulub.
Sual doğuran məqamlardan biri də elektron informasiya sisteminin (ƏMAS) məzuniyyət hissəsində Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrinə uyğun olaraq işçi kateqoriyasını seçdikdə 4.27 xanasında maddə üzrə müəyyən olunmuş məzuniyyətin əsas məzuniyyət kimi öz əksini tapmasıdır. Düşünürəm ki, bu, sistemin texniki xətasıdır. Müvafiq düzəliş edilərək həmin hissəyə əsas məzuniyyət deyil, əmək məzuniyyəti olaraq qeyd edilməsi məqsədə müvafiq hesab edilərdi. Əks halda, hesab edirəm ki, bu, mübahisələrə yol aça bilər.
Bununla bağlı ünvanladığım müvafiq sorğuya 13.02.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq araşdırıla aparılaraq rəsmi cavab olaraq bildirilmişdir ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun olaraq “Əmək və Məşğulluq” altsistemində 56 təqvim günü məzuniyyət müddətinin “ümumi əmək məzuniyyəti (gün)” bölməsində qeyd olunması ilə bağlı ƏMAS-da həmin hissələrə texniki düzəliş edilməsinin iş planına daxil edilməsi nəzərdə tutulmuşdur. Yəni, yaxın günlərdə Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrinə uyğun olaraq seçilmiş şəxslərə həmin müddət əsas məzuniyyət kimi deyil, ümumi əmək məzuniyyəti kimi düzəliş olunacaqdır.
Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində müəyyən edilmiş şəxslərinin məzuniyyətinin əsas məzuniyyət deyil, ümumi əmək məzuniyyəti olması və buna müvafiq olaraq elektron informasiya sistemində müvafiq düzəlişlərin edilməsi ilə bağlı həm qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə, həm də Nazirliyin rəsmi cavablarına əsasən izahlara nəzər saldıqdan sonra qeyd etdiklərimizi bir neçə nümunə ilə daha dərindən izah edək:
Misal 1: Məşqçi müəllimin əmək məzuniyyətinin müddəti 42 təqvim günüdür. İş ili 12.12.2023-12.12.2024-cü il tarixidir, 13.12.2024-cü ildə isə onun əmək müqaviləsinə xitam verilir.
Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, məşqçi müəllimlərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir. Bu halda, ona 30 təqvim günü əsas məzuniyyətə görə kompensasiyanın hesablanıb ödənilməsi qanunvericiliyə uyğundur. Yenə də qeyd edirəm ki, işəgötürən 42 təqvim gününə görə kompensasiya ödəyə bilər. Lakin 42 təqvim gününə görə deyil, 30 təqvim gününə görə kompensasiyanın ödənilməsi qanunvericiliyin tələbinə zidd hesab olunmayacaq.
Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin “Vahid tarif-xtisas sorğu kitabçası”nın təsdiq edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarına əsasən, müəllimlər mütəxəssis kateqoriyasına aid edilir.
Əmək Məcəlləsinin 114-cü maddəsinin 3-cü hissəsinin “b” bəndinə əsasən, məsul vəzifələrdə qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir.
Misal 2: Məşqçi müəllimin əmək məzuniyyətinin müddəti 42 təqvim günüdür. Onun iş ili 12.12.2023-12.12.2024-cü il tarixidir, 13.12.2024-cü il tarixdə isə əmək müqaviləsinə xitam verilir.
Əmək Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq, həmin şəxs əmək müqaviləsinə xitam verilmədən ümumi əmək məzuniyyətindən istifadə edə bilər. Bu halda o, 42 təqvim günü məzuniyyət hüququndan istifadə edəcək. Əgər, müəllim məzuniyyət hüququndan istifadə etməsə, bu halda ona 30 təqvim günü əsas məzuniyyətə görə kompensasiya ödənilə bilər.
6. Əmək münasibətləri prosesində məzuniyyətə görə kompensasiya
Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi məsələsinə nəzər saldıq. İndi isə, əmək münasibətləri prosesində istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi məsələsinə baxaq. Hərçənd ki, Ödənişli məzuniyyətlər haqqın BƏT Konvensiyasına görə kompnesasiya yalnız əmək müqaviləsinə xitam verilərkən ödənilə bilər, lakin Əmək Məcəlləsinin 135-ci maddəsində aşağıdakı şəkildə vurğulanmışdır:
İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Burda, əmək münasibətləri prosesində əmək məzuniyyətindən istifadə etməyən işçiyə kompensasiyanın ödənilməsinin düzgünlüyü məsələsinə toxunmayacam. Bu barədə əvvəllər yazmışdım. Maraqlananlar bu linkdən tanış ola bilərər.
Əmək münasibətləri prosesində işçiyə kompensasiya ödənilərkən əsas məzuniyyətlərə görə deyil, əmək məzuniyyətinə görə kompensasiya ödəniləcəkdir. Bu, Əmək Məcəlləsinin 135 və 144-cü maddələrində öz əksini tapmışdır.
7. Nəticə:
1. Əsas məzuniyyət, işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti 21 və müvafiq hallarda 30 təqvim gün müddətinə nəzərdə tutulmuş məzuniyyətdir. Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində müəyyən olunmuş şəxslərin məzuniyyəti əsas məzuniyyət deyil, ümumi əmək məzuniyyətidir.
2. Əmək müqaviləsinə xitam verilən zaman yalnız əsas məzuniyyətləə görə kompensasiya verilməlidir. Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində müəyyən olunmuş şəxslərin məzuniyyəti ümumi əmək məzuniyyəti olduğundan, onların müqaviləsinə xitam verilərkən əmək müqaviləsində göstərilmiş peşəsi üzrə 21 və ya 30 təqvim günü müddətinə kompensasiyanın verilməsi qanunvericiliyin tələblərinə uyğundur.
3. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən zaman ümumi əmək məzuniyyətinə görə də kompensasiya verilə bilər. Bu, işçinin əmək şəraitinin şərtlərinin yaxşılaşdırılması halıdır.
4. İşçinin, əmək müqaviləsinə xitam verilmədən öncə, arzusu ilə həmin iş ili (illəri) üçün qalıq məzuniyyətindən istifadə etmək hüququ var. İşçi qalıq məzuniyyətdən istifadə etmək istəmədikdə ona Əmək Məcəlləsinin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
5. Əmək münasibətləri prosesində (müqaviləyə xitam verilmədən) istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən əsas məzuniyyətə görə deyil, əmək məzuniyyətinə görə kompensasiya ödənilir.
Yuxarıda verilən izahlardan və istinad edilən maddələrdən göründüyü kimi, əsas məzuniyyət yalnız 21 və 30 təqvim günü müddətinə müəyyən edilir.
Qeyd edilənlərə əsasən, Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində müəyyən edilmiş şəxslər üçün müəyyən edilmiş məzuniyyətlər onların əsas məzuniyyətinin deyil, əmək məzuniyyətinin müddətidir.
Qeyd edim ki, Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində müəyyən olunmuş şəxslərin 21 və 30 gündən artıq olan məzuniyyəti işçilərin əsas əmək məzuniyyəti hesab edilmədiyi üçün həmin şəxslərin əmək müqaviləsinə xitam verilərkən müəyyən olunmuş əsas məzuniyyətə görə kompensasiyanın verilməsi qanunvericiliyin tələblərinə uyğundur.
Əmək Məcəlləsinin 116 və 117-ci maddələrində müəyyən edilmiş əlavə məzuniyyətlər, o cümlədən əmək şəraitinə görə əlavə mzəuniyyətlər Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Çünki, onların ümumi əmək məzuniyyəti normadan çox müəyyən olunmuşdur.
Bu mövzu ilə bağlı əvvəlki yazıların linkləri:
42, 46, 56 gün əmək məzuniyyətinə görə kompensasiyanın hesablanması (2-hissə)
Əsas: Əmək Məcəlləsinin, 112, 114, 115, 116, 117, 118-1, 118, 119, 120, 121, 135, 143 və 144-cü maddələri, Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən baxılmış) 132 nömrəli Konvensiyası, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 06.12.2024- cü il tarixli (Əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın aparılması zamanı əsas məzuniyyətin müddəti və hesablanma qaydası haqqında) cavab məktubu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 13.02.2025-ci il tarixli (ƏMAS-da əsas məzuniyyət hissəninin əmək məzuniyyəti edilməsi ilə bağlı texniki düzəliş edilməsinin iş planına daxil edilməsi haqqında) cavab məktubu
Hazırda satışda olan əmək qanunverciliyinə dair ən son əlavə və dəyişikliklərlə təkmilləşdirilmiş (18 yanvar 2025-ci il ) praktik kitablarımız:


Kitablarımızı WHATSAPP (0554666550) – a keçid edərək sifariş edə bilərsiniz. Kitablar bütün ölkədaxili ödənişsiz çatdırılma edilir.